Evdən həvəslə işlə

https://melissapark.az/storage/app/media/Evd%C9%99n%20h%C9%99v%C9%99sl%C9%99%20i%C5%9Fl%C9%99_20220117165630.png

Bütün dünyaya təsir edən virus epidemiyası səbəbindən hər kəsin həyat tərzi dəyişdi. Bəzi hallar ( məsələn market və ya aptekə getmək kimi) istisna olmaqla günümüzü əksər hissəsini evdə keçirdiyimiz bu dövrdə gündəlik rutinimizi evdən həll etməyə məcbur qaldıq.

Bura təhsil, idman və biznes də daxildir. Ancaq işləmək motivasiyamız həm stressli dövr, həm də evimizi uzun müddət tərk etməməyimiz səbəbindən azalmış ola bilər. Belə dövrdə gündəlik həyatınızda intizam yaradacaq bir neçə fəaliyyətlər təyin edərək evdən işləmək həvəsinizi də artıra bilərsiniz.

Yatağınızı səliqəyə salın

Yatdığın yeri yığışdırmaq. Bəli, günə motivasiya dolu başlamaq üçün atılacaq olan bu addım həqiqətən də bu qədər sadədir. İlk baxışdan çox zəruri görünməsə də günboyu intizamlı və motivasiyalı olmağınız üçün kiçik , lakin əhəmiyyətli bir cığır açacaq. Əgər oyandıqdan dərhal sonra çarpayını səliqəyə salıb, yastıqları düzəltsəz günə çoxdan 1-0 irəlidə başlamış olacaqsınız. Bu da özünə görə bir müvəffəqiyyət sayılır.

Həqiqi hədəflər təyin edin

Evdən işlədikdə və ya təhsil aldıqda bolluca vaxta sahib olduğunuzu düşünüb bütün işlərinizi bir gündə bitirə biləcəyiniz düşüncəsi sizi yanılda bilər. Bu sizin səmərəliliyinizi azalda və istədiyiniz nəticəni almağa mane olar. Buna görə də özünüzü çox işlə yükləməyin. Həqiqi hədəflər və doğru iş vaxtı təyin edin. Sonra isə bu sistemə uyğunlaşmaq üçün əlinizdən gələni edin.

İş qrafiki hazırlayın

Gün ərzində görəcəyiniz işləri beyninizdə planladıqda bir müddət sonra nələr etməli olduğunuzu unuda və işinizi qəlizləşdirə bilərsiniz.Bu da sizi motivasiyadan sala bilər. Belə hadisələr yaşamamaq üçün telefon, kompüter və ya kağıza görüləsi fəaliyyətləri maddə-maddə yazın. Hər bir işi tamamladıqdan sonra üzərindən xətt çəkərək həqiqətən nə etdiyinizin fərqinə vara və özünüzlə fəxr edə bilərsiniz.

Ev rahatlığından uzaqlaşın

Evdə işləyərkən, idman edərkən və təhsil alarkən prioritetiniz rahatlıq olmamalıdır. Yəni evdə işləyərkən elə geyinmək lazımdır ki, bu sizi ev atmosferindən çıxarsın və gördüyünüz işin nə qədər önəmli olduğunu hiss elətdirsin. Əlbəttə ki, sizdən smokin və ya məktəb uniforması geyinmək də tələb edilmir, amma, ən azından rahat ev geyiminizlə bir müddətlik uzağlaşın.

Düzgün iş mühiti təyin edin

Evdə uzun müddət işləməyə başlamazdan əvvəl iş mühitinizi daha intensiv iş tempinə tab gətirəcək şəkildə uyğunlaşdıra, iş masanızda əvvəlkindən daha çox vaxt keçirəcəyiniz üçün sizə mane olan bütün aksessuarlardan təmizləyə bilərsiniz. Lazım olarsa, bəzi yeni dekorativ parçalarla ideal bir iş masası olaraq təşkil edə, zövqünüzü oxşayan masada daha səmərəli işləyə bilərsiniz.

Başqalarından kömək istəməkdən çəkinməyin

Evdə işləyərkən tək ola və ya sizinlə yaşayan heç kim sizinlə eyni ixtisasda olmaya bilər. Ancaq kolleqalardan və ya dostlarınızdan kömək istəyə, onlarla fikir mübadiləsi edə bilərsiniz. Yəni, tək işləmək bütün iş yükünü öz üzərinə götürmək mənasına gəlmir. Online iclaslar və ya görüşlər keçirmək sizi gün boyu tək bir məqsədə fokuslanaraq o işdən bezməyinizə mane ola və sizi motivasiya edə bilər.

Görəcəyin işləri bir gün öncədən planlayın

Gündəlik işləri bitirdikdən, sevdiyiniz filmi izlədikdən , oyun oynadıqdan və ya kitab oxuduqdan sonra artıq yatmağa hazırlaşa bilərsiniz. Lakin, bir sonrakı günün taleyinin qaranlıq qalmamağı üçün o gün üçün plan hazırlayın. Plana bu gün yarımçıq qalan işləri tamamlamaq, özünüzə yeni hədəflər təyin etmək də aid ola bilər. Bununla bərabər, hədəflərinizə çatdıqdan sonra özünüzü nə ilə mükafatlandıracağınızı düşünərək üzünüzdəki kiçik bir təbəssümlə yuxuya gedə bilərsiniz.